NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Əcəmi Naxçıvani

          Əcəmi Əbubəkr oğlu Naxçıvani (12-ci əsrin 20-ci illəri – 12-ci əsrin sonu) - memar. Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Əcəminin adı Azərbaycan ictimai fıkrində intibah, humanizm ideyalarının yayıldığı 12-ci əsrin görkəmli simaları arasında şərəfli yer tutur. Eyni zamanda, dövrünün memarları içərisində Əcəmi daha çox yaratdıqlarının elmə bəlli olması ilə seçilir. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü "Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar" adlandıran sənətkarın təsviri sənəti, mühəndisliyi memarlıqla sintetik şəkildə birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları ona "Şeyxül-mühəndis" (mühəndislərin başçısı) fəxri adı vermişdilər.

         Əcəminin  yaradıcılığı 12-ci əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Əcəminin yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında "Atababa günbəzi" adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Abidənin giriş qapısından soldakı kitabədə memarın adı yazılmışdır: "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli". Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Mömünə xatun türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə tikilmişdir. Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış onguşəli Mömünə xatun türbəsi monumental abidədir.

          Əcəmi yaradıcılığı Azərbaycan və Yaxın Şərq ölkələri memarğına böyük təsir göstərmişdir - Marağadakı Göy günbəz (1196), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsi (13 əsr), Qarabağlar türbəsi (12-14 əsrlər), Bərdə və Səlma türbələri (14 əsr), türk memarı Sinanın (16 əsr) İstanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926-ci ildə Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən istifadə edilmiş, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilmişdir.

         H. İbrahimovun "Əsrin onda biri" romanı, Kəmalənin "O bizim dağların oğlu idi" pyesi Əcəmiyə həsr edilmişdir. 1976-cı ildə anadan olmasının 850 illiyi geniş qeyd olunmuşdur. Naxçıvan şəhərində Əcəmi Naxçıvanskinin büstü ucaldılmışdır.