NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Hüseyn Cavid

          Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə, 24.10.1882, Naxçıvan şəhəri - 5.12.1941, Rusiya, İrkutsk  vilayəti)  -  şair,   dramaturq.   Ziyalı, tanınmış din xadimi Abdulla Rasizadənin ailəsində doğulmuş, ilk təhsilini Naxçıvanda mollaxanada, sonra isə M.T. Sidqinin "Tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-98). Klassik üslubda ilk şerlərini də "Gülçin" və "Salik" imzaları ilə burada yazmışdır. 1899-1903 illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra Gəncədə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, Azərbaycan romantizminin banilərindən, çağdaş Azərbaycan ədəbiyyatının yaradıcılarından biri olmuşdur.

          Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifıdir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.

             Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Mənzum "Ana" (1910) pyesində nəciblik, sədaqət, mərdlik kimi keyfıyyətlərin yalnız sadə insanlarda olduğu göstərilir. "Maral" (1912) faciəsində şəxsiyyət və qadın azadlığı məsələsi qaldırılır, ailə münasibətlərində mürtəce əxlaqi görüşlər tənqid edilir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birindən ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu hakimdir. Cavid bu dövrdə tədriclə, "Haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdı. Həmin ideya "Şeyda" (1917) dramında, "Haqqını sən mübarizə ilə ala bilərsən" (1918) poemasında daha bariz ifadəsini tapmışdır. "Şeyda"da Cavid yalnız ideya və mənəviyyatlardakı ziddiyyəti deyil, real sosial ziddiyyətləri də göstərir, "füqərayi-kasibə"ni, "qabarlı əllər"i istismarçılarla mübarizəyə çağırırdı. Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan imperialist dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır. Estetik ideyalarına sadiq qalan Cavid bununla yanaşı, 20-30-cu illərdə öz dövrü ilə səsləşən bir sıra əsərlər yaratmışdır. "Azər" dastanı (1920-37) bu əsərlər arasında xüsusi yer tutur. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və bir müddət Berlində yaşayan Cavid vətənə Qərb dünyasının sosial-mənəvi ziddiyyətlərini əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı. "Nil yavrusu" əsərində Cavid müstəmləkə zülmünü qəzəb və nifrətlə damğalayırdı. 20-30-cu illərdə Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922), "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" 1935) tarixi dramları Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi bir dönüş oldu.

             Hüseyn Cavidin anadan  olmasının 100 və 110 illik yubileyləri geniş qeyd olunmuşdur. Naxçıvanda , Bakıda ev muzeyləri yaradılmış, Bakıda vaxtilə yaşadığı binaya barelyef təsviri olan xatirə lövhəsi vurulmuşdur. 100 illik yubileyi ərəfəsində Heydər Əliyevin təşəbbüsü ilə cənazəsi İrkutsk vilayətindən Naxçıvana gətirilib, buradakı ev muzeyinin yaxınlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə qəbri üzərində möhtəşəm məqbərə tikilmişdir (1996). 1982-ci ildə Naxçıvanda "Hüseyn Cavid poeziya teatrı" açılmışdır. Adına Bakıda, Naxçıvanda və respublikanin digər şəhər və rayonlarında küçə, bağ, məktəb, kitabxana, kinoteatr və s. mədəni maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılmışdır.