Naxçıvanski Cəmşid Cəfərqulu oğlu
(10.8.1895, Naxçıvan şəhəri - 26.8.1938) - hərbi xadim, briqada
komandiri. Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini
bitirmişdir (1915). Birinci dünya müharibəsində
müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş,
"Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli
"Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu. Avstriya-Rumıniya
cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti
kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna,
2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunmuşdu.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri
C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana
qayıtmış, 1918-ci il sentyabrın 15-də türk qoşunları və
Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən
təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski
inamla vuruşmuşdur.
C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Ali
Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan
sonra yenidən diviziya komandiri olmuşdur.
Azərbaycan
Sovet Sosialist Respublikası və Zaqafqaziya
Sovet Federativ Sosialist Respublikası Mərkəzi
İcrayyə Komitələrinin üzvü idi. Qırmızı Bayraq, Qırmızı Əmək
Bayrağı, Qırmızı Ulduz ordenləri ilə
təltif edilmişdir. Adına, Bakıda və
Naxçıvanda küçə
var. Naxçıvanda ev-muzeyi yaradılmışdır. |