Azərbaycan Respublikasının əməkdar elm xadimi,
tibb elmləri doktoru,
Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı
Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində
anadan olmuşdur. Əziz Əliyevin qızı, Heydər Əliyevin
həyat yoldaşıdır. Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki
Tibb Universiteti) bitirmişdir (1947). Azərbaycan Elmi-Tədqiqat
Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu
ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə
İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor,
görmə orqanlarının peşə patologiyası laboratoriyasının
müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985)
vəzifələrində çalışmışdır. Z.Əliyevanın Azərbaycanda
oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O,
vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya
təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və
elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz
xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə,
habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox
sanballı tədqiqatların, o cümlədən "Terapevtik
oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir
elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və
dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12
səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı
səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. O,
Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet
Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti
İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı
redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə
SSRİ Tibb Elmlər Akademiyasının M.
İ. Averbax adına mükafatına layiq görülmüşdür (1981).
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə
xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye
qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının
qəbri yanında dəfn olunmuşdur. Məzarı üstündə tuncdan heykəli
ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər
poliklinikası və Naxçıvanda küçə Zərifə Əliyevanın adını
daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət
parkı salınmışdır.
|