Şahtaxtlı, Şahtaxtinski Məhəmməd ağa Məhəmmədtağı
Sultan oğlu
(1846, Şərur rayonunun Şahtaxtı kəndi. -
12.12.1931, Bakı) - publisist, şərqşünas, dilçi, pedaqoq və
ictimai xadim. Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq
"Asiya cəmiyyəti" (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti
Qafqaz şöbəsinin (1903) həqiqi üzvü. Bakı Universitetinin
professoru (1920). Naxçıvan şəhər məktəbini və Tiflis klassik
kişi gimnaziyasını
(1863) qurtardıqdan sonra, Peterburqda
müstəqil yolla alman dilini öyrənmişdir.
Leypsiq Universitetitinin fəlsəfə, tarix və hüquq
fakültəsini bitirmişdir (1869). 1873-1875 illərdə
Parisdə Şərq dilləri məktəbində mühazirələr
dinləmiş, fransız dilini öyrənmişdir. Azərbaycan,
rus, alman, fransız, ingilis, ərəb, türk, fars
dillərində
ədəbi və elmi əsərlər yazmışdır.
Elmi fəaliyyətə Almaniyada Şərq tarixinə
dair tədqiqatlarla başlamışdır. 70-ci illərdə
dərc etdirdiyi ilk məqalələrində liberal xalqçılığın
təsiri duyulur.
Şahtaxtinski
əlifba islahatı sahəsində
Mirzə Fətəli Axundovun ardıcıllarındandır. 1879-cu
ildə Şərqdə əlifba islahatı
tarixində ilk kitab -"Təkmilləşmiş müsəlman əlifbeyi"ni
Tiflisdə
nəşr etdirmişdir. Bir müddət "Moskovskiye
vedomosti" qəzetinin əməkdaşı
və İstanbulda xüsusi müxbiri işləmişdir. 1891-1893-cü
illərdə Şahtaxtinski "Kaspi"
qəzetinin müvəqqəti redaktoru təyin
edilmişdi. 1898-cu ildə
Azərbaycan dilində "Tiflis"
adlı qəzet çıxarmağa
çalışmış, lakin çar senzurası
buna icazə vermədiyi üçün Şahtaxtinski
yenidən Avropaya
getmiş, 1902-ci ilədək Parisdə yaşamış, Fransa kollecində və Ali
Təcrübi Təhsil
Məktəbində Şərq dillərindən dərs demişdir.
Bu dövrdə fransız dilində nəşr etdirdiyi
əsərlər Qərbi Avropa və
Amerika mətbuatında müzakirə və mübahisələrə səbəb olmuşdu.
Şahtaxtinski Sorbonna
Universitetində professor P.Passinin rəhbərliyi
ilə fonetika sahəsində tədqiqat
aparmış, Fransa Maarif
Nazirliyinin fəxri
diplomunu
(1901) almışdır.
1902-ci ildə
Şahtaxtinski
Tiflisdə xüsusi mətbəə açmış
(sonralar "Qeyrət" adlanmışdır), 1903-ci ilin
martında ictimai-siyasi, iqtisadi, elmi, ədəbi
"Şərqi-rus" qəzetinin nəşrinə
başlamışdır. Qəzetin
Azərbaycanda ictimai fikir tarixinin
inkişafında xüsusi xidməti
olmuşdur. Onun
səhifələrində dünyəvi elmlər, ana dili, qadın
azadlığı ilə bağlı mütərəqqi
fikirlər öz əksini
tapırdı. "Şərqi-Rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə,
Hüseyn Cavid, Məməd Səid
Ordubadi, Əliqulu Qəmküsar,
Ə.Nəzmi kimi açıqfikirli ədib
və mühərrirləri öz
ətrafında birləşdirmişdi. Bu yaradıcı heyət
Azərbaycanda mətbuatın
inkişafının yeni mərhələsinin
("Molla Nəsrəddin") başlanmasına zəmin yaratdı. 1907-ci ildə
İrəvan quberniyasından II
Dövlət Dumasına deputat
seçilən Şahtaxtinski
Duma bağlandıqdan
sonra "Rossiya" (Peterburq) qəzeti redaksiyasında
işləmiş, 1908-1918-ci illərdə,
xaricdə (əsasən,
Türkiyə, İran
və İraqda) yaşamışdır.
1919-cu ildə vətənə qayıtmış, Bakı Universitetinin yaradılmasında fəal iştirak etmiş, burada
Şərq dilləri və ədəbiyyatından
mühazirələr oxumuşdur. 1920-ci illərdə "Kommunist",
"Bakinski raboçi", "Qızıl
Şərq" (Moskva) qəzetlərində məqalələr dərc etdirmiş, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində
yaxından iştirak etmişdir.
1922-ci ildə Şahtaxtinskiyə fərdi
pensiya təyin olunmuşdu.
Elmi, tənqidi və publisist əsərlərində
Şahtaxtinski
müstəmləkəçilik, irqçilik, qadın əsarəti, dövlət
quruluşu, demokratiya, xalq hakimiyyəti, din, şəriət məsələləri
və s. haqqında dövrünə görə mütərəqqi fikirlər irəli sürmüşdür.
Dövrünün qabaqcıl şəxsiyyətləri Şahtaxtinskinin ədəbi, elmi və
jurnalistik fəaliyyətini yüksək qiymətləndirmişlər. |