NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Məhəmməd ibn-Hinduşah Naxçıvani

         Naxçıvani Məhəmməd ibn Hinduşah ibn Səncər ibn Abdullah əl-Girani ən-Naxçıvani (təqribən 1293, Naxçıvan - 1376) - alim və dövlət xadimi, qazı əl-qüzzat (baş qazı). Tanınmış elm xadimləri nəslinə mənsub olmuş, atası Hinduşah Naxçıvaninin yolunu davam etdirmişdir. Yaxşı təhsil almış, ərəb, fars, türk dillərini mükəmməl bilmiş, dövrünün bir sıra elmlərinə yiyələnmişdir. 14-cü əsrin 20-ci illərində Təbrizə gəlmiş və Hülakular sarayında maliyyə sahəsində çalışmışdır. F. Rəşidəddinin oğlu, sonralar dövlətin baş vəziri olmuş Qiyasəddin Məhəmməd Rəşidinin yanında münşi və nədim olmuş, qabiliyyətinə görə "Şəmsi münşi ən-Naxçıvani" ləqəbini almışdır. Qiyasəddin Məhəmməd Rəşidinin vasitəçiliyi ilə Elxani hökmdarı Sultan Əbu Səid Bahadır xanla (1316-1335) tanış olmuş, onun göstərişinə əsasən dövlət quruluşu və idarə sisteminə həsr olunmuş xüsusi əsər yazmağa başlamış, lakin onu uzun müddətdən sonra (1366) başa çatdıra bilmişdir. Həyatının ikinci yarısı Azərbaycanda Çobanilərin ağalığı və Cəlarilərin hakimiyyəti dövrlərinə təsadüf edir. Bu illərdə din sahəsində də məşhurlaşmış və Cəlarilər dövründə bir müddət dövlətin baş qazısı (qazı əl-qüzzat) vəzifəsində çalışmışdır. Naxçıvaninin ictimai-siyasi baxışları Nizam əl-mülk, Rəşidəddin və onun oğlu Qiyasəddinin, həmçinin Vəssaf, Həmdullah Qəzvini və başqa mütəfəkkirlərin baxışları ilə demək olar ki, eyniyyət təşkil edir. O da sələfləri kimi, dövlət quruluşunda monarxiya sistemi və mərkəzləşdirilmiş güclü hakimiyyət tərəfdarı olmuşdur. Elmi irsindən dövrümüzədək 2 əsər çatmışdır. 1328-ci ildə başa çatdırdığı "Sihah əl-fors" əsəri fars dilində işlədilən 2300 sözün, ibarənin izahına həsr olunmuş lüğətdir. Əsər müəllifin müqəddiməsindən (dibaçə), 25 bab və 431 fəsildən ibarətdir. Lüğətin tərtibində sələflərinin təcrübəsindən istifadə edən müəllif fars sözlərinin izahı zamanı bir çox dillərdən, o cümlədən Azərbaycan və türk dili materiallarından faydalanmışdır. Lüğətdə Azərbaycan əhalisinin həyat tərzini əks etdirən etnoqrafik materiallar vardır. Burada bir çox söz ustalarının, eləcə də atası Hinduşah Naxçıvaninin şerlərindən parçalar verilir. Müəllif yeri gəldikcə fars dilinin leksikologiyası və fonetikasından bəhs edir. Əsər sonrakı dövrlərdə lüğət tərtibçiləri üçün mənbə rolunu oynamışdır. 4 əlyazma nüsxəsi məlumdur. 1962-ci ildə Tehranda Ə. Taəti tərəfindən nəşr olunmuşdur.

             Cəlairi hökmdarı Şeyx Üveysə (1356-1374) həsr olunmuş və 1366-cı ildə tamamlanmış 2-ci əsəri iki hissədən ibarət "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyin edilməsində katiblər üçün göstəriş") əsəridir. Burada rəsmi dövlət sənədlərinin nümunələri verilmişdir. Lakin sənədlər, sadəcə, nümunə xarakteri daşımayıb, dövrün ictimai-iqtisadi, siyasi, mədəni və dini həyatı barədə çoxlu real faktlarını əks etdirir. Əsərdə torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları, vergi və mükəlləfiyyətlər, hərbi quruculuq, hərbi və dini məhkəmələr, şəhər həyatı, sənətkarlıq və ticarət, oturaq və köçəri təsərrüfatla bağlı məsələlər, xalq kütlələrinin acınacaqlı vəziyyəti və mübarizəsi, feodal iyerarxiyasına uyğun bütün vəzifələrin şərhi, bir çox elm adamları, dövlət xadimləri, sənətkarlar və s. barədə məlumat verilir. Müəllif dövrün idarə sistemində mövcud olmuş vəzifələrə təyinatları şərh edərkən nümunə kimi faktik sənədləri misal göstərmişdir. Burada real tarixi şəxsiyyətlər və yer adları xatırlanır. Əsərdə 100-dən artıq tarixi termin, istilah verilir və onların bir çoxu müəllif tərəfindən açıqlanır. Əsər Nizam əl-mülkün "Siyasətnamə"si, Rəşidəddinin "Cami ət-təvarix"i və s. əsərlərlə bir səviyyədə tutulur. Dünya kitabxanalarında 6 əlyazma nüsxəsi mövcuddur. Elmi-tənqidi mətni (bütün mövcud əlyazma nüsxələri əsasında) akademik Ə. Ə. Əlizadə tərəfindən hazırlanmış və 1964-1976-cı illərdə Moskvada 2 cilddə (3 kitabda) çap olunmuşdur.