Əliyev
Həsən Əlirza oğlu
(15.12.1907. Sisyan
rayonunun Comərdli kəndi-02.02.1993,
Bakı, Fəxri Xiyabanda dəfn edilmişdir) - torpaqşünas, ümumi
əkinçilik və təbiəti mühafizə sahəsində alim, ictimai-siyasi
xadim. Kənd təsərrüfatı elmləri doktoru, professor. Azərbaycan
Milli Elmlər Akademiyasının akademiki (1952). Azərbaycan
Respublikası əməkdar elm xadimi (1974). Azərbaycan Dövlət
mükafatı laureatı (1978). Böyük Vətən müharibəsinin (1941-1945)
iştirakçısıdır. Azərbaycan Milli Elmlər Akademiyası
Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə-
direktor müavini (1944-1949), eyni zamanda Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda (indiki Azərbaycan Pedaqoji Universiteti)
baş müəllim (1945-1949), Azərbaycan Milli Elmlər Akademiyası
Botanika İnstitunun direktoru (1949-1952), Azərbaycan Kənd
Təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitənin katibi (1952), Azərbaycan Milli
Elmlər Akademiyası akademik-katibi (1952-57), Azərbaycan Milli
Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunda
laboratoriya müdiri (1957-1967), Azərbaycan Milli Elmlər
Akademiyası Coğrafiya İnstitunun direktoru (1968-1993)
vəzifələrində işləmişdir. Əsas
elmi fəaliyyəti
torpaqşünaslığın nəzəriyyəsi, ekologiya,
botanika, bitkiçilik, təbii
ehtiyatların və təbii
şəraitin qorunub daha
səmərəli istifadə
olunması
problemlərini,
ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. O, Şərqi
Zaqafqaziya torpaqlarının əmələ gəlməsinin
və coğrafiyasının tədqiqinə, Azərbaycanda
Beynəlxalq Bioloji Proqramın
işlənib hazırlanmasına
böyük əmək sərf etmişdir. Təbii ehtiyatların tədqiqi, təbiətdən
istifadənin elmi
cəhətdən əsaslandırılması və onların mühafizəsinin
təşkili Əliyevin elmi və ictimai fəaliyyətinin
əsas istiqamətini təşkil etmişdir.
Azərbaycan təbiətinin,
torpağının və suyunun
mühafızəsi sahəsində
onun xidmətləri əvəzsizdir. O, kütlələrin ekoloji tərbiyəsinə,
təbiətin mühafizəsi haqqında
biliklərin təbliğinə
böyük əhəmiyyət verirdi. Əliyevin "Həyəcan
təbili" əsəri (Bakı,
1976, 1982) təbiətin və
ətraf
mühitin qorunması üçün
insanlara ağrılı,
hərarətli müraciət, çağırışdır. Əliyev coğrafiya elmləri
üzrə bir sıra problem şuralarının sədri
və üzvü olmuşdur. Yüksək ixtisaslı kadrlar
hazırlanmasında böyük xidməti var. Azərbaycan
Respublikası
Təbiəti Mühafizə Komitəsinin
yaradıcısı və cəmiyyətinin sədri və Azərbaycan Coğrafiya
Cəmiyyətinin prezidenti (1975-1990),
"Azərbaycan
təbiəti" məcmuəsinin baş redaktoru
(1975-ci
ildən) idi.
Əliyev Yunanıstan (1958), Polşa
(1960),
ABŞ (1964, 1977),
Rumıniya (1966), İsveçrə (1966), Avstraliya
(1968),
Kanada
(1978),
Yaponiya (1980),
Almaniya (1981) və s. ölkələrdə keçirilmış beynəlxalq
konqreslərdə məruzələr etmişdir. Azərbaycan SSR Ali Sovetinin
(10-11-ci
çağırış) deputatı olmuşdur.
Lenin ordenı, Oktyabr
İnqilabı, Qırmızı Əmək Bayrağı,
Qırmızı Ulduz, Vətən
müharibəsi, Şərəf nişanı
ordenləri, SSRİ Elmlər
Akademiyasının N. İ. Vavilov
adına Qızıl medalı ilə təltif
edilmişdir.
Azərbaycan Milli
Elmlər Akademiyasının
Coğrafiya İnstitutu
Əliyevin adınadır. Dünya Universitetinin elmi
və mədəniyyət üzrə doktoru
(ABŞ), İngiltərə
Kraliça Biblioqraflar Cəmiyyətinin
həqiqi üzvü olmuşdur.
|