təsəvvürə uyğun gəlir və o, bu sahədə Avropa riyaziyyatçılarını
400 il qabaqlamışdı. Onun müstəvi və sferik
triqonometriyadan bəhs edən
"Şəklül-qita" ("Tam dördtərəfli haqqında traktat") əsərində
Menelay teoreminin,
müasir triqonometriyanın əsas teorem və
düsturları verilmiş, sferik
üçbucağın üç bucağına
görə tərəfləri təyin edilmiş, diskret və
kəsilməz kəmiyyətlər anlayışına dialektik
tərif verilmişdir. Bu əsər vasitəsilə müstəvi və
sferik triqonometriya sərbəst
riyazi fənn şəklinə
düşmüşdür; o, 1891-ci ildə İstanbulda
ərəb və fransız dillərində
nəşr olunmuşdur.
"Cəleul hesab" ("Taxta və qum vasitəsilə hesablama")
əsərində müsbət ədəddən istənilən
dərəcədən kökalma qaydası,
binomial hədlərin on iki dərəcəli həddədək əmsalları verilir.
Qədim yunan alimi
K.Ptolemeyin məşhur
"Almagest" əsərinin işlənmiş variantı olan
"Təhrir əl-Məcəsti" əsəri
Ptolemeyin geosentrik sistemi daxilində planetlərin
hərəkət nəzəriyyəsinə və onun
təshihinə aiddir.
Nəsirəddin Tusi hesaba aid əsərində tam ədəddən
ixtiyari dərəcədən
kökalma əməlini, kökünün
nümunəsi kimi izah etmiş (riyaziyyat
tarixində ilk dəfə), ədəd üçbucağını əmələ gətirən binomial
əmsalları və onlar arasındakı
qanunauyğunluqları göstərmiş, Nyuton
binomunu sözlə ifadə etmişdir.
Nəsirəddin Tusi
fizikaya
sözün ən geniş mənasında bütün təbiətşünaslıq məsələlərini aid
etmişdir. Burada
bəsit və mürəkkəb cisimlər, yerdə və göydə
əmələ gələn hadisələrin, məsələn, göy gurultusu,
ildırım, şimşək, yağış, qar, zəlzələ və
buna oxşar hadisələrin
səbəbləri, mürəkkəb
maddələr, onların tərkiblərinin xüsusiyyətləri
(mineralogiya), bitkilər,
onların növləri, nəfs
və qüvvələri (botanika), ixtiyari və iradi hərəkət
edən cisimlər, onların hərəkət xüsusiyyətləri,
nəfs və qüvvələri (zoologiya), insanın
düşüncəli nəfsinin xüsusiyyətləri (psixologiya) öyrənilir. Nəsirəddin Tusi
təbabət, əkinçilik elmi və
s. fizikanın əlavə bölmələri
hesab etmişdir.
Nəsirəddin Tusinin və Marağa rəsədxanası alimlərinin kəşf və ixtiraları bəşər
elmi fikrini zənginləşdirmişdir.
Mənbələrdə Nəsirəddin
Tusiyə fövqəladə qabiliyyətinə, dərin
zəkasına və misilsiz
xidmətlərinə görə "on birinci əql" ("əl-əql əl-hadi əşər" - Şərq peripatetizmi on əql növünün
mövcudluğunu qəbul edirdi) və "bəşər
ustadı"
("ustad əl-bəşər") deyilmişdir.
1981-ci
ildə anadan olmasının 780 illik yubileyi
geniş qeyd olunmuş, şərəfinə medal təsis
edilmiş, abidələri ucaldılmış, portreti
yaradılmışdır. Azərbaycan
Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif
müəssisəsinə, o cümlədən, Azərbaycan
Milli Elmlər Akademiyası Şamaxı Astrofizika
Rəsədxanasına,
küçələrə
Nəsirəddin Tusinin
adı verilmişdir. YUNESKO-nun
qərarı ilə anadan olmasının 800 illik
yubileyi dünya miqyasında qeyd edilib.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin "Nəsirəddin Tusinin
anadan olmasının 800 illiyi haqqında" 13
iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley
komissiyası yaratmışdır.
|